top of page

Yaradan Dərkedilməz

 

Fani olan üçün Allahın həqiqətini tam mənası ilə anlamaq qeyri-mümkündür. Yaradılmış  heç bir halda Yaradanını nə dərk edə və nə də təsvir edə bilər. Məsələn, bir masa onu yaradan dülgərin qabiliyyətlərini və xüsusiyyətlərini əks etdirsə də onu hazırlayan dülgərin düşəncə tərzinə sahib deyildir. Həzrət Əbdül-Bəha buyurur:  "Xəyal etdiyimiz şey, Allahın Gerçəkliyi deyil....O, insan ağlının ən yüksək dərkindən qat-qat ucadır."

Hər təbiət aləmi özündən uca olan varlığın səviyyəsini anlamaqda acizdir. Qaya, bitkinin böyümə gücünü xəyal edə bilməz; ağac heyvanın görmə, eşitmə, iyləmə və ya hərəkət etmə güclərini anlaya bilməz; və heyvan insanın ayırdedici xüsusiyyəti olan şüuru əsla əldə edə bilməz. Eyni şəkildə, insan ağılı ruhani aləmin mahiyyətini tam mənası ilə əsla qavrama bacarığına sahib deyildir. Həzrət Əbdül-Bəha buyurur:  "Bütün üst aləmlər alt aləmlər üçün anlaşılamazkən, yaradılan insan üçün hər şeyin yaradıcısı uca Yaradanı anlamaq necə mümkün ola bilər?"

Allahın həqiqi təbiəti hər zaman bizim anlayışımızdan kənarda olsa da, həyatımızın məqsədi Onu tanımaq, Onu sevmək və Ona yaxınlaşmaqdır.  "Mənə dost olasan deyə sənə Özümdən bir ruh əmanət etdim ..."

Allah haqqında bilgilər böyük dünya dinlərinin Qurucuları - Allahın Elçiləri tərəfindən bizə verilmişdir. Əsirlər boyunca Allaha olan inancımız və Ona doğru atdığımız addımlar Peyğəmbərlərin təlimləri ilə istiqamətləndirilmişdir.

Dövrümüzün İlahi Zühuru Həzrət Bəhaullah yaradılışın əlamətlərinin hər yerdə olduğunu bizə öyrədir. "Bütün kainatda yaradılmış olan hər şey Onun haqqında məlumata açılan bir qapıdan, Onun hökmdarlığına bir işarədən, Onun adlarının əks olunmasından, Onun gücünün bir rəmzi və Ona doğru yoldan başqa bir şey deyil." 

Ona görə də təbiət aləminin gözəlliyi, zənginliyi və müxtəlifliyi həmişə Allahın ifadəsidir. Peyğəmbərlərin təlimləri Allahı tanımaqda və Ona inanmaqda bizə köməkçi olacaq hikmət və ədalət, düzgünlük və nəzakət, iman və şəfqət kimi ruhani xüsusiyyətləri inkişaf etdirməyin yollarını göstərmişlər. İnsan bu keyfiyyətlərin bələdçiliyi işığında düşünərək və hərəkət edərək ruhani, intelektual və əxlaqi inkişafa nail olaraq öz Yaradanına yaxınlaşır. Həzrət Əbdül-Bəha belə buyurmuşdur:   "Din ilk olaraq şüurlu bilik, ikinci olaraq yaxşı əməllərdir."

bottom of page