top of page

Ümumdünya Ədalət Evinin İqamətgahı

 

Şövqi Əfəndi göstərdi ki, Ümumdünya Ədalət Evinin daimi İqamətgahı Karmel Dağının ətəyində, Həzrət Babın Məqamının və Həzrət Bəhaullahın ailə üzvlərinin uyuduqları yerin yaxınlığında tikiləcəkdir. Gələcəyə baxaraq Şövqi Əfəndi tağ şəkilli cığırın ətrafında gözəl bağlar saldı və Bəhai Dininin dünya İnzibati mərkəzi kimi xidmət edəcək bir neçə binanın tikiləcəyini nəzərdə tutdu.

 

Ümumdünya Ədalət Evi 1975-ci ilin iyununda elan etdi ki, özünün daimi İqamətgahının, elə bir binanın ki, “nəinki dayanıqlı olaraq möhkəmlənən inzibati mərkəzin praktiki ehtiyaclarına xidmət edən, həm də qarşıdakı əsrlərdə Həzrət Bəhaullahın İnzibati Nəzminin ilahi mənşəli təsisatlarının əzəmətinin görünən ifadəsi kimi dayanacaq” bir binanı tikməyin vaxtı çatmışdır. Bina 1983-cü ildə tikilib qurtardı və istifadəyə verildi.

 

Memarlığın Ahəngyaradıcı Bir Üslubu

Ümumdünya Ədalət Evinin İqamətgahı Karmel Dağında tağın zirvəsi kimi dayanır. Onun şərq tərəfində Beynəlxalq Təbliğ Mərkəzinin daimi binası yerləşir. Digər tərəfində isə Mətnlərin Araşdırılması Mərkəzi (buraya kitabxana və digər ofislər daxildir) və Bəhai Dininin Mərkəzi Simaları və onun erkən illəri ilə bağlı olan tarixi əşyaların saxlandığı Beynəlxalq Bəhai Arxivinin binası yerləşir.

 

Ümumdünya Ədalət Evinin İqamətgahının tağdakı digər binalara münasibətdə əhəmiyyəti onun yerləşmə mövqeyi, həmçinin, ölçüsü, hündürlüyü və memarlıq incəlikləri ilə aydın ifadə edilmişdir.

 

Şövqi Əfəndi tağın ətrafındakı binaların ahəngyaradıcı bir memarlıq üslubunda olmasını vurğulamışdır, elə bir üslub ki, özü Beynəlxalq Bəhai Arxivinin binası timsalında klassik və qədim yunan memarlığı tərzində yaratmışdı. Bu tələb etdi ki, qalan binaların da memarlıq üslubu klassik ya da klassik memarlığın prinsiplərini inteqrasiya edən müasir üslub olsun. Bəhai Dininin ali idarəedici orqanının İqamətgahı üçün möhtəşəm Korinf üslubu seçildi.

 

Novşəkilli səthə malik olan Korinf sütunları binanı əhatə edən tağlı qalereyanı bəzəyir. Tağın zirvəsi olan nöqtədə, binanın girişində, iki cərgə sütunlu kolonadadan altı əlavə sütunun saxladığı terras önə çıxır. Eyni zamanda, terrasın dərinliyi və hündürlüyü Fars memarlığındakı oxşar eyvanları xatırladır və onun yaratdığı sahə isə hamını içəri dəvət edən bir təəssürat yaradır. Qonaqların və zairlərin daxil olduğu əsas qapının üzərində Ümumdünya Ədalət Evinin görüşdüyü salonun iri pəncərəsi vardır. Üzü Həzrət Bəhaullahın Məqamına tərəf olmaqla, bu salon binanın mərkəzidir və üzərində günbəz vardır. Şərq memarlığındakı çoxlu günbəzlər kimi, binanın özünün mərkəzində səkkiz güşəli olmaqla binanın uzunluğu və eninin maraqlı bir həndəsi inteqrasiyada olan sistemi üzərində yerləşir.

 

Ədalət Evinin Məşvərət Salonuna əlavə olaraq, burada zairlər və digər vacib ziyarətçilər üçün qəbul salonu, konfrans zalı və Ədalət Evinin katibliyi üçün yer vardır.

bottom of page