top of page

Dinlərin Mənşəyi Birdir

 

........Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Həzrət Bəhaullah yazır:

“Allahın dini dünyanın libasıdır, elə ki, köh­nəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur...”

 

Peyğəmbərlərin gətirdikləri təlimlərin xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir. Həzrət Bəhullah yazır:

“Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.

Allah bəşəriyyəti kamil və qüsursuz şəxslər olan Peyğəmbərlərin gətirdikləri İlahi Təlimlər  vasitəsilə istiqamətləndirir. Peyğəmbərlərə Allahın zühurları kimi də baxmaq mümkündür. Onlar Allah deyillər, lakin mükəmməl güzgütək Onun işığını insanlara əks etdirirlər. Bütün bu güzgülər eyni Nuru əks etdirirlər. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Peyğəmbərlərin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş bir neçə Peyğəmbərin adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bab və Bəhaullah. Bütün Peyğəmbərlər bir Dinə xidmət etmiş və  Bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir.

“Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləri­dirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəm­məlli­yini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaq­lığı fərqləndirir.”

Bəhai təliminə görə, hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dinlər arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial qanunlarda, dini mərasim və ayinlərdə müşahidə olunur. Dinin sosial qanunları əbədi ola bilməz, cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidir. Həzrət Əbdül-Bəha yazır:

“Hər İlahi Vəhy iki hissədən ibarətdir. Birincisi əsas olub əbədidir. O, İlahi həqiqətlərin və başlıca prinsiplərin şərhidir. O, bütün dinlərdə vahid və dəyişməzdir. İkinci hissə praktiki həyata, qarşılıqlı və işgüzar münasibətlərə aid olub, onun məzmunu insanın təkamülünə və Peyğəmbərin dövrünün tələblərinə uyğun şəkildə dəyişir.... Beləliklə, yerin və zamanın adət-ənənələrinə aid edilən dinin ikinci hissəsi o qədər də əhəmiyyətli deyildir, lakin Allahın Dininin əsasını təşkil edən birinci hissə isə vahiddir .”

bottom of page