Bəhailər Nəyə İnanır?
Saytın bu hissəsində Bəhai dininin təməl inancları verilmişdir. Əsas mövzular "Həzrət Bəhaullahın İlahi Əhd və Peymanı" və "Bəhai Prinsipləri"-dir. Bəhailər Həzrət Bəhaullahın yaşadığımız dövrün tələblərinə uyğun olan və bütün dünyada sevgi, birlik və sülh mühitini təmin edəcək prinsiplər gətirdiyinə inanırlar.
Bu gün həqiqi insan - özünü bütün insan irqinin xidmətinə həsr edəndir.. Hamınız bir ağacın meyvələri və bir budağın yarpaqlarısınız. -Həzrət Bəhaullah
Həzrət Bəhaullahın Əhd və Peymanı
Bəhai Dini, iki İlahi Elçinin - Həzrət Bab və Həzrət Bəhaullahın Allah tərəfindən göndərilməsi ilə nazil olmuşdur. Bu Qoşa Zühurun nazil etdikləri Dinin diqqəti cəlb edən birlik və bütövlüyünün davamlılığını təmin edən rəhbərlik Həzrət Bəhaullahın yazılarından qaynaqlanır. “Əhd” adlandırılan rəhbərlik səlahiyyəti, Həzrət Bəhaullahdan sonra oğlu Həzrət Əbdül-Bəhaya, Həzrət Əbdül-Bəhadan sonra Onun nəvəsi Həzrət Şövqi Əfəndiyə, Həzrət Şövqi Əfəndidən sonra isə Ümumdünya Ədalət Evi adlı quruma keçmişdir. Bəhailər Həzrət Bab və Həzrət Bəhaullah tərəfindən təyin olunmuş bu rəhbər qurumun - Ümumdünya Ədalət Evinin İlahi səlahiyyətini qəbul edirlər.
Həzrət Bab (1819-1850)
19-cu əsrin ortalarında – dünya tarixinin ən keşməkeşli dövründə İranın Şiraz şəhərində cavan bir tacir elan etdi ki, bəşərin ruhani və sosial həyatını dəyişəcək bir Müjdənin daşıyıcısıdır. O zaman İran özünün ən dərin mənəvi-əxlaqi tənəzzül dövrünü yaşayırdı. Onun Müjdəsi minlərlə insanı özünə cəlb etdi, cəmiyyətin bütün təbəqələrində böyük sevinc və ümid doğurdu. O, ərəb dilində mənası “Qapı” olan Bab ləqəbini götürdü.
Həzrət Bəhaullah (1817-1892)
Adının mənası "Allahın Nuru" olan Həzrət Bəhaullah XIX əsrdə bəşəriyyətə Allahın yeni İlahi Kitabını çatdırdı. Onun həyatı və Missiyası bu gün bütün Yer kürəsində getdikcə daha çox tanınmaqdadır. Milyonlarla insan daha gözəl bir dünya qurmaqdan ötrü Onun təlimlərini həyatlarına və yaşadıqları cəmiyyətə tətbiq etməyə çalışırlar.
Həzrət Əbdül-Bəha (1844-1921)
Həzrət Bəhaullah şəxsən qələmə aldığı Vəsiyyətnaməsində böyük oğlu Həzrət Əbdül-Bəhanı Əmrin başçısı və təlimlərinin tək səlahiyyətli Şərhçisi təyin etdi. Qeyri-adi şəxsiyyəti və bəşəriyyətə təmənnasız xidmət əzmi, Onu Həzrət Bəhaullahın təlimlərinin canlı bir nümunəsi etdi və dünyanın hər yerinə sürətlə yayılan Bəhai icmasına böyük hörmət qazandırdı..
Həzrət Şövqi Əfəndi (1897-1957)
Həzrət Əbdül-Bəha Vəsiyyətnaməsində Özündən sonra dünya Bəhailərinin rəhbəri və Bəhai təlimlərinin şərhçisi kimi nəvəsi Həzrət Şövqi Əfəndini "Bəhai Dininin Vəlisi" adı ilə təyin etdi. O, qeyri-adi biliyi, müdrikliyi və fədakarlığı ilə Bəhai icmasının inkişafını sistemli şəkildə irəli apardı, anlayışını dərinləşdirdi və birliyini gücləndirdi..
Ümumdünya Ədalət Evi (1963-cü ildə yaradılıb)
Bəhai dininin dünya miqyasında inkişafı bu gün Ümumdünya Ədalət Evi tərəfindən istiqamətləndirilir. Qanunlar kitabında Həzrət Bəhaullah, Ümumdünya Ədalət Evinə bəşəriyyətin rifahına müsbət təsir etməyi, sülhü və qlobal inkişafı təmin etməyi əmr etmişdi.