Bilik kasası dolub-daşır; mübarəkdir qurtum-qurtum dadanlar! Həyat çeşməsi çağlayır; mübarəkdir içənlər! –Həzrət Əbdül-Bəha
Bəhailər Nə Edirlər?
Dünyanın hər yerində bəhailər fərdi və kollektiv şəkildə Həzrət Bəhaullahın Vəhyinə cavab vermək və daha yaxşı bir dünya cəmiyyəti qurmaq və insan Sivilizasiyasını sosial təkamülün yeni mərhələsinə qaldırmaqdan ötrü dostları ilə birgə Onun gətirdiyi yeni prinsipləri həyata keçirməyə çalışırlar.
Azərbaycan bəhailəri də bu qlobal təşəbbüsdə fəal iştirak edir və özlərini dünya birliyində fəal əməkdaş hesab edirlər. Dinindən və millətində asılı olmayaraq onlar həmvətənlərini İlahi Kəlamları birgə öyrənməyə və cəmiyyətdə tətbiqi yollarını araşdırmağa dəvət edir, duaların oxunduğu məclislər təşkil etməklə ruhani həyatlarını qidalandırır, uşaqların təlim-tərbiyəsinə, və yeniyetmələrin mənəvi və intellektual inkişafına həsr olunmuş proqramların qonşuluqlarda və kəndlərdə tətbiqinə nail olmaq və daha yaxşı cəmiyyət qurmağa səsləyən gənclər konfranslarını təşkil etmək vasitəsilə Azərbaycan cəmiyyətinə xidmət etməyə çalışırlar. Onlar inanırlar ki,“dünyanın yaxşılaşması pak və xeyirxah əməllər, tərifəlayiq və gözəl davranışla əldə oluna bilər.”
Azərbaycan Bəhai icmasının fəaliyyətinin qayəsi cəmiyyətə təmənnasız xidmətdir. Bunu da yalnız gözəl sözlərlə deyil, cəmiyyətin sosial-iqtisadi və ruhani tərəqqisinə səbəb olacaq kollektiv və fərdi təşəbbüslər vasitəsilə həyata keçirmək mümkündür. Bu icma üstünlük hissindən, müstəsnalıq iddiasından uzaqdır. Bundan əlavə, Azərbaycan bəhailəri siyasətə qarışmadan ölkəmizin inkişafı üçün faydalı olan müzakirələrə qatılır, ətraflarındakı insanlarla səmimi dostluq bağları qurur, onlarla əməkdaşlıq edirlər.
Həzrət Bəhaullahın “insana qiymətli ləl-cəvahiratla dolu mədən kimi baxın,” “bütün insanlarla yoldaşlıq və dostluq ruhunda ülfət edin” kimi nəsihətlərinə əməl edərək yaşadığımız cəmiyyətin və bütövlükdə dünyanın yaxşılaşmasında əməkdaşlığın gücünə, fərdin mənəvi və intellektual inkişafının ancaq cəmiyyətə, bütövlükdə insanlığa xidmətdə mümkün olduğuna inanırlar.
Beləliklə, Azərbaycan bəhai icması, kişi və qadın, gənc və yaşlı olmasından asılı olmayaraq, başqa insanlarla birlikdə insanlığa birgə xidmət etməyə, daxili həyatlarını Həzrət Bəhaullahın təlimləri ilə ahəngə gətirməyə çalışırlar. Bəhailər cəmiyyətə xidmət etmək istəyən bütün həmvətənlərini öz fəaliyyətlərinə dəvət edirlər.