Milli Ruhani Məhfil - Kamerun, Afrika
Milli Ruhani Məhfil - Tokio, Yaponiya
Milli Ruhani Məhfil - Niderland Krallığı, Avropa
1963-cü ildən Bəri Bəhai Dünyasının İnkişafı
1963-cü ildən bəri Bəhai dünyasının inkişafı 1963-cü ildə Həzrət Bəhaullahın Öz Missiyasını açıq elan etməsinin yüz illiyi, uğurdan xəbər verən iki hadisə ilə əlamətdar oldu: birincisi, Ümumdünya Ədalət Evinin--Həzrət Bəhallahın İnzibati Nəzminin ən ali İnstitutunun– seçkisi; və bundan bir neçə gün sonra Londonda ilk Bəhai Konqresinin keçirilməsi. Burada 7000 iştirakçı öz iştirakları ilə keçən onillik ərzində dünya Bəhai icmasının necə kəskin böyüməsini nümayiş etdirdilər.
Ümumdünya Ədalət Evinin vaxtına gəlib çıxan icma, Bəhai Dininin böyüməsi və möhkəmlənməsi üçün Şövqi Əfəninin birinci qlobal planının nəticəsində sürətlə genişlənmişdi. İndi bəhailər 259 suveren dövlətdə, muxtar ərazidə və böyük adalarda, 14000-dən çox bölgədə yaşayırdılar. O zaman 56 ölkədə Milli Ruhani Məhfil vardı. Hələ də sayca kiçik olmasına baxmayaraq, Bəhai dini dünya dini xüsusiyyətlərini əldə edirdi. Bu dinin müxtəlif mədəniyyətlərə uyğunlaşması və onun geniş dairədə müxtəlif insanları cəzbetmə potensialı getdikcə üzə çıxırdı; onun kollektiv həyatı da Həzrət Bəhaullahın Vəhyində olan “cəmiyyətqurucu” potensialları zahir etməyə başlayırdı.
Qurulmasından qısa bir zaman sonra, Ümumdünya Ədalət Evi, Bəhai dininin inkişaf etdirilməsi üçün Şövqi Əfəndinin qoyduğu və hər biri bir neçə il sürən silsilə qlobal planlar modelini davam etdirdi. Nəticədə, dünya Bəhai icması əhəmiyyətli dərəcədə böyüdü- indi Bəhai icmasının 5,000,000-dan yuxarı üzvü 100,000-dən çox bölgədə yaşayır.
1963-1973-cü illər arasında, Afrika, Asiya və Latın Amerikasından böyük sayda insanların Dinə qoşulması ilə Bəhai icmasının beynəlxalq cəhətdən üzvlüyündə nəzərəçarpacaq dəyişiklik baş verdi. İcmada olan tayfa və etnik azlıqlar o onillikdə iki dəfədən çox artdı və birinci dəfə Ümumdünya Ədalət Evini seçən Milli Ruhani Məhfillərin sayı 56-dan 113-ə qalxdı. Bu gün 180-dən çox Milli Ruhani Məhfil vardır.
İnsanlığa Müsbət Təsir
Həzrət Bəhaullah Ümumdünya Ədalət Evinə bəşəriyyətin ümumi rifahına, təlim-tərbiyənin yayılmasına və firavanlığa müsbət təsir göstərmək səlahiyyəti vermişdir. Təxminən 50 il ərzində, Ümumdünya Ədalət Evi öz enerji və resurslarını qlobal bir icmanın yaradılmasına həsr etmişdir ki, onun üzvləri Həzrət Bəhaullahın təlimlərini yerli əhalinin ehtiyaclarına tətbiq edə bilsinlər.
Bəhai təlimləri barədə bilmək bir məsələdir, lakin onları cəmiyyətin həyatına və ehtiyaclarına tətbiq etmək isə öyrənilməsi lazım olan digər bir məsələdir. Dinin yeni ərazilərə yayılmasının nəticəsi olaraq, bəhailər Həzrət Bəhaullahın təlimlərinin icmaların inkişafına - təhsil, səhiyyə, savadsızlığın ləğv olunması, kənd təsərrüfatı və kommunikasiya texnologiyaları sahələrinə praktiki yöndən necə tətbiq edilməsini sistematik şəkildə araşdırmağa başladılar.
Geniş miqyaslı eksperimentlər dövrü, özünün ruhani, sosial və intellektual inkişafı üçün məsuliyyət götürmək məqsədilə əhalidə qabiliyyət yaratmağa yönəlmiş prosesləri doğurdu. 1996-cı ildən başlayaraq, Ümumdünya Ədalət Evi bütün dünya Bəhai icmasında qlobal bir proqram başlatdı ki, bu proqram Bəhai İcmasını öz böyüməsində yeni bir mərhələyə daxil etdi.
Dünya bəhailəri əsas etibarilə öz həyatı və fəaliyyətləri ilə məşğul olan kiçik bir icmadan geniş miqyasda əhaliyə çıxmaqla,bəşəriyyətin həyatına getdikcə artan səviyyədə faydalı təsir göstərəcək fəaliyyətlər açmağa istiqamətləndirildi. Belə fəaliyyətləri yerinə yetirmək üçün bilik, bacarıq və ruhani bəsirət əldə etməkdə bəhailərə kömək etmək üçün Ümumdünya Ədalət Evi hər bir ölkədə təlim institutlarının qurulmasını başlatdı.
Bəhailərin bütün dünya üzrə öz qonşuluqlarında və kəndlərdə həyata keçirdikləri özək fəaliyyətlər bunlardır: uşaq dərsləri, yeniyetmələrin ruhani gücləndirilməsi proqramları, dua görüşləri, xidmət üçün qabiliyyət yaradan öyrənmə dərnəkləri.
Sistematik hərəkət və öyrənmə mədəniyyəti – planlaşdırma, hərəkət və düşünmə prosesi – dünya Bəhai icmasının iş tərzini xarakterizə edir.
Digər Inkişaf Dəyişiklikləri
Bəhai Dini və onun işi genişləndikcə, onun ruhani və inzibati Dünya Mərkəzi də genişləndi. Ümumdünya Ədalət Evi özünün Konstitusiyasını yazdı və nəşr etdi (1972), Allahın Əmrinin Əllərinin funksiyalarını Qitə Müşavirləri Heyətlərinin təyin edilməsilə (1968) gələcəyə daşıdı, Bəhai Dünya Mərkəzində Beynəlxalq Təbliğ Mərkəzini qurdu (1973). Ümumdünya Ədalət Evi 1983-cü ildə Karmel Dağında özünün daimi iqamətgahına köçdü. İqamətgahın hər iki tərəfində inzibati binalar kompleksi 2001-ci ildə Beynəlxalq Təbliğ Mərkəzinin binasının açılışı ilə tamamlandı.
Bəhai dininin tarixi ilə bağlı olan digər yerlərlə yanaşı, Həzrət Bəhaullahın və Həzrət Babın Məqamlarının saxlanması və gözəlləşdirilməsi Müqəddəs Torpaqda davam etdirilmişdir. Karmel Dağı üzərində Həzrət Babın Məqamının həm aşağı, həm də yuxarı tərəflərində, dağın ətəyindən zirvəsinə qədər uzanan on doqquz gözəl bağçası olan terras da 2001-ci ildə tamamlanaraq bu yerin müqəddəsliyini və gözəlliyini artırdı və harmoniya və transfromasiya barədə Bəhai baxışını nümayiş etdirdi.
Qitə səviyyəsində Bəhai İbadət Evləri Panamada (1972), Qərbi Samoada (1984), Yeni Dehlidə (1986) və sonuncu qitə İbadət Evi isə Çilidə, Santyaqoda (2016) tikmişdi.
1979-cu ildən etibarən, İran İslam İnqilabından sonra, İranın əzabkeş və çox bəla çəkmiş Bəhai icması bir daha qəddar təqiblə üzləşdi. Bu vəziyyət Bəhai Dininin məchulluqdan çıxmasına şərait yaratdı. Bu gün Bəhai icması dünya liderləri və hökumətləri tərəfindən getdikcə daha çox tanınır, bəzi hallarda isə onların özləri insanlığın üzləşdiyi müxtəlif sosial və mənəvi-əxlaqi problemlərə baxış və onların həlli üçün bəhailəri axtarmışlar.
21 aprel 1992 və 20 aprel 1993-cü il arası dövr Həzrət Bəhaullahın şərəfinə və Onun vəfatının yüz illiyi münasibətilə Müqəddəs İl kimi müəyyən edildi. Bütün dünyadakı hər bir Bəhai icmasını təmsil edən 3,000-nə yaxın bəhai Onun Məqamının ətrafında keçirilən anma mərasimində iştirak etdi. Həmin ilin sonuna doğru isə, Nyu Yorkda, ikinci Bəhai Dünya Konqresi keçirildi. Hər cür kökdən olan, cəmiyyətin bütün təbəqələrini təmsil edən 27,000 bəhai, beş qitədə keçirilən və Dünya Konqresinə peyk vasitəsilə qoşulan doqquz regional konfranslara toplaşmış minlərlə bəhailər kimi, bu tədbiri təntənə ilə keçirdilər.
Sülh üzərində beynəlxalq səviyyədə aparılan müzakirəyə (diskursa) bir töhfə olaraq, Ümumdünya Ədalət Evi 1985-ci ildə dünya xalqlarına bir müraciət ünvanladı və burada qlobal sülhün və firavanlığın bərqərar olması üçün zəruri şərtlərin çərçivəsini verdi. Bəhailər bütün dünyada bu müraciəti dövlət başçılarına və xeyli sayda insanlara təqdim etdilər və müraciətin məzmunundan ruhlanaraq – bu gün də müzakirələrdə, seminarlarda və sülh təşəbbüslərində iştirak etməkdə davam edirlər.
Qalxmaqda olan dini dözümsüzlüyə cavab olaraq, Ümumdünya Ədalət Evi 2002-ci ildə, dünyanın dini liderlərinə məktub ünvanladı və onları dinlərarası hərəkata və dinin cəmiyyətdə rolu barədə yeni dialoqa dəvət etdi. Burada Ümumdünya Ədalət Evi onları sülhün qurulması üçün ilkin şərt olaraq dinlərin birliyi prinsipinə lazımi diqqət verməyə dəvət etdi.
Ümumdünya Ədalət Evinin formalaşdığı vaxtdan bəri, insan haqları, qlobal firavanlıq və qadınların inkişafı kimi sahələrdə də geniş miqyasda təşəbbüslər göstərilmişdir. Birləşmiş Millətlər Təşkilatında, beynəlxalq forumlarda, milli və yerli səviyyələrdə, bütün növ sosial məkanlarda bəhailər cəmiyyəti narahat edən məsələlər barəsində müzakirələrdə iştirak edirlər. Gənc insanlar, bol enerjiləri və nisbi azadlıqları ilə Bəhai fəaliyyətlərində aparıcı rol oynayırlar.
Bəhailərin ruhaniyyət anlayışı, yalnız şəxsi və kollektiv həyatı əhatə etmir, həm də bir bütöv olaraq bəşərin tərəqqisini nəzərdə tutur. Ümumdünya Ədalət Evinin rəhbərliyi altında birlikdə irəli gedərək bu geniş yayılmış dini icmanın meydana çıxması insan nəslinin, onun bütün müxtəlifliyi ilə, bir, vahid ailə kimi planet miqyaslı vətəndə yaşayıb işləyə biləcəyi barədə inandırıcı bir dəlil təqdim edir.